12/23/2023


Güclü olmağımın

asılı olmamağımın

güvənməməyimin

sevə bilməməyimin

sevilə bilməməyimin 

qaçmaqlarımın

inqilablarımın

təkliyimin 

heçliyimin

Qəhrəmanısan.. 

nə zaman bitəcək bu savaş?

hüzur tapacaq bu ruh?

özündə özünü tapıb,

sənin izlərindən qurtulacaq?

ölümdən əvvəlmi?

yoxsa sonramı?

mən bilməm.. 


ŞEL

6/28/2022

Sonsuzluq

Üfüqdəki sarı-qırmızılı işıltıdan
Günəşin doğulduğunu,
yoxsa batdığını 
anlamaq istəyirsən..

Zaman anlayışının itib
yerini sonsuzluğa verdiyi bu an
sənin üçün fərqi varmı,
Günəş doğulur,
yoxsa batır?!


27.06.2022

 “Arxanı divara söykəyəndə özünə güvənirsən, ya divara? Birdən divar yıxılsa özünü günahkar biləcəksən, ya divarı? Bəs ümumiyyətlə günah və günahkar yoxdursa?!”

8/20/2021

...

Zəif olmaq, ağlaya bilmək, bir qırağa çəkilib öz içinə çəkilmək, heç nə etməmək, depressiyaya düşmək... Bunlar hamısı bir lüksdür. Həyatında bu lüksü olmayan insanlar var. Güclüdürlər? Güclüdürlər! Amma çox yorğundurlar. İllərlə çıxmayacaq bir yorğunluqdur bu yorğunluq. Ölümün çıxaracağı yorğunluq.. 

Ölsəm, bağışla. 

5/20/2021

Atama..

Bu gün anladım,

mən sənə haqsızlıq etmişəm,

sən isə bizə..

Mən onda susmalıydım,

sən tarazlığı qorumalıydın.

Bacarmadın,

bacarmadım..

Mən bağışladım,

bəs sən? Bilmirəm..

Heç birimiz xoşbəxt deyilik.

İndi mən daha çox sənə oxşayır,

güzgüdəki əksimdə səni görür,

sənin addımlarınla gedirəm həyatda.

Bir gün kəsişəcək baxışlarımız,

gözlərimizlə dərdləşəcik,

sözlərə gücümüz çatmayacaq yəqin ki..

Məni sevdiyini bilirəm, 

deyəsən mən də səni sevirəm..

Bircə arzum gecikmədən halallaşmaqdı səninlə.

Mən səni anladım,

sən məni hələ ki yox..

Sən mənim qəhramanım deyilsən,

amma mən sənin qəhramanın ola bilərəm. 

Həzm edə biləcəksənmi bunu?!

Bilmirəm..

Deyəsən səni sevirəm..


ŞEL



9/12/2014

...

Həyatdır da,
birdən ölüb eləsəm
bütün ağrı-acılardan
ətrafdakı yalanlardan
dünyanın ən rahat yeri
anamın diz ucundan
və qızımdan
qaçıb getsəm,

hamıdan çox sevinən
saatlar olacaq

qaçdı-tutdu oynamayacam onlarla
dayanacaqlar
nəfəs alacaqlar
yaşayacaqlar..

5/27/2014

...

Mən özümü biləndən
aramızda bir uçurum
bir uzaqlıq
tənhalıq var..

Nə mən bağışlaya biləcəm
Nə sən həzm edəcəksən
və heç bir göz yaşı
yuyub aparmayacaq
içimizdəki kədəri..

Ad günün mübarək!

2/26/2014

Biz..

Biz
sözlәrdәn imtina etdik
gözlәrin sehrinә düşdük
qazandıq bir-birimizi..
Vә yenә biz
gözlәrimizi yumduq
sözlәrin arxasında gizlәndik
itirdik bir-birimizi..

Bilmәdik gün gәlәcәk
gözlәrә hәsrәt qalacaq
sözlәrә
nifrәtlә qulaq asacağıq
gәlәcәkdәn ümidsiz
keçmişdә ilişib qalacağıq.

2/24/2014

Ölsәm, bağışla.

Tik-tak, tik-tak
sәssizliyin o biri ucundan
gәlәn saat sәslәri,
әriyib bitmәk üzrә olan şamın
işıqlandıra bilmәdiyi qaranlıq,
itirdiyi bütün fürsәtlәri
qazandığı bütün mәyusluqları
insafsızca qabağına sәrir..
Dünyanın әn rahat yerindәn uzaqda,
dünyanın әn tәnha yerindә,
"Ölsәm, bağışla" yazıb
balaca bir kağıza
әriyib bitmәk üzrә olan şamın
arxasınca düşüb getmәk istәyir..

cibindәki ümidlәri
bәlkә geri dönәr deyә
getdiyi yola sәpәcәk..

2/20/2014

Bir ürək ki..

Bir ürək ki,
içinə heç kimin
nə qəlbinə, nə ağlına
nə də həyatına sığmayan
sən sığmısan..
Bir ürək ki,
nə sənin
nə də başqa kimsənin
ürəyinə, həyatına
sığmayacaq.
Bu məndəki
daşıması günü gündən
daha çətin, daha ağır
elə dəli bir ürək ki!

12/16/2013

...

…Мне бы чашку кофе и забыться,
только бы не думать о тебе.
В запахе сирени раствориться,
затаиться бы в кромешной тьме.
Белым снегом по утру спуститься,
на ладонь остывшую твою.
И тихонечко с тобой проститься,
не услышав нежное «люблю»…
(с)


11/17/2013

+ 2 kq.

Ürəyim kilometrlərlə uzaqlarda, fikrimsə həm orda, həm də daha 1001 yerdə, çiynimdə "dünyanın yükü" və üstəgəl beynim dolu şübhələr və tərəddüdlərlə. Bazar günü işdə və facebook`un xəbər lenti də görünmür. Stolumun üstündə Nabokovun "Lolita"sı, nə vaxtsa oxunacağına ümid edir. İndi mənim bu vəziyyətimdən baş çıxarmağa 40 müdrik lazımdır. Bunlar azmış kimi, mən 2 kq kökəlmişəm.)

11/11/2013

Xoşbəxtlik?!

"Xoşbətliyin" varlığına inanmıram.. Son vaxtlar isə həyatımda var olan hər şeyin, hər kəsin varlığına, doğruluğuna, olmalı olduğu kimi olduğuna şübhə ilə yanaşmağa başlamışam. Bu isə bütün düşüncələrimi, hisslərimi, hətta inamımı alt-üst edir. Nə qədər belə davam edəcək bilmirəm, amma əmin olduğum tək şey, hər şeyin bir də əvvəlki kimi olmayacağıdır. Necə olacağı isə, qeyri-müəyyən olaraq qalır..
   
     

4/04/2013

...

Ediləsi o qədər iş, deyiləsi o qədər söz, yaşanılası o qədər şey var ki..

Amma vaxt qum kimi sürüşüb gedir ovuclarımızdan. Hər şeydə olduğu kimi, vaxtın da bərəkəti qalmayıb..

1/12/2013

...

Bax, sevgilim
külək sənintək əsir
və deyəsən mənimtək tələsir...

heç bilmirəm, küləkmi
mənmi dəli?!
heç bilmirəm
heç bilmirəm
küləkmi məni
mənmi küləyi sevməli?!




1/08/2013

...

Yeni 2013-cü təqvim ilinin ilk günləri mənim üçün əsl eyforiya oldu. Bu günlərdə Facebook`da paylaşdığım statusları burada saxlamaq istəyirəm, nə vaxtsa oxuyub xatırlamaq istəsəm, rahat tapa bilim deyə..

"I feel like tomorrow is great day, dear Facebook! :)" (30/12/2012)

"Something unexplained, dear Facebook..)" (31/12/2012)

"What a beautiful day, dear Facebook!" (01/01/2013)

"You know, dear facebook, today was the most wonderful day of my life. And after this I can die in peace..)"
(01/01/2013)


"I want to stop time, dear Facebook, but I can't. It is so sad .." (02/01/2013)

"Today is the last day of euphoria, dear Facebook..)" (05/01/2012)