8/22/2012

...

Böyümək yaşın üstünə yaş gəlmək deyilmiş. Böyümək özündən başqa canlıların acısını hiss etmək və onlara şərik olmaqmış. Bu gün bir az da böyüdüm...

20.08.2012

***

Dünyanı nə sevgi, nə də mərhəmət yox, məhz cəsarət xilas edəcək! Çünki, sevmək üçün də, mərhəmətli olmaq üçün də, fədakarlıqlar üçün də, cəsarət lazımdır! Cəsarətimiz varmı?!

***

Hə, belə də olurmuş. İstiyə nifrət etdiyin halda, Allahdan isti və küləksiz hava diləmək..

***

Böyük evlərdən zəhləm gedir! Evlər böyüdükcə insanlar kiçilir!


  

8/10/2012

Cemli piroq


Ərzaqlar:
- 250 qr. yağ
- 1 stəkan şəkər tozu
- 2 ədəd yumurta
- 0,5 ç.q. çay sodası
- vanil
- un (xəmirin aparacağı qədər)
- cem (istəyinizə görə istənilən cem və ya mürəbbə ola bilər, əsas odur tumsuz olsun; mən ərik cemindən istifadə etmişəm)

Hazırlanması:  Yağı çuqun qabda əridirik, bir az soyuduqdan sonra üzərinə pesok və yumurtanı əlavə edib qarışdırırıq. Çay sodasını sirkədə əridib əlavə edirik. Sonra vanil və kifayət qədər möhkəm xəmir alınana qədər un əlavə edirik. Xəmirə unu o qədər qatın ki, alınan xəmiri sürtkəcdən keçirə biləcəyinizə əmin olun.

Xəmiri 2 hissəyə (biri böyük, biri kiçik olmaq şərtilə) bölürük. Orta böyüklükdə tava və ya sobanın öz tavasını götürürük. Xəmirin böyük hissəni tavanın içinə sürtkəcdən keçiririk. Açıq yer qalmaması şərtilə, tavanın hər tərəfi xəmir qırıntıları ilə örtülür. Cemi xəmir qatının üzərinə çəkirik. Xəmirin qalan kiçik hissəsini cemin üzərinə sürtkəcdən keçirib sobada 180 dərəcədə bişiririk. Xəmir şirin xəmir olduğundan tez bişəcək. Elə ki, piroqun qıraqlarının qızardığının və üzərinin rənginin dəyişdiyini gördünüz, sobadan çıxarın. Piroqu isti-isti doğramaq daha yaxşıdır. Mən paxlava formasında doğrayıram adətən.

Nuş olsun!


Kakaolu piroq



Ərzaqlar:
- 2,5 stəkan un
- 1,5 stəkan bitki yağı
- 1,5 stəkan su
- 1,5 stəkan şəkər
- Yarım ç.q. çay sodası (sirkə ilə əritmək)
- 6 x.q. ərik cemi (və ya hər hansı başqa cem)
- 3 x.q. kakao
- vanil
- xırda doğranmış qoz ləpəsi

Hazırlanması: Ərzaqları yazdığım sıra ilə qarışdırıb yağlanmış tavaya tökürük. Sobada 180-200 dərəcədə 35 dəqiqə bişiririk. Çıxardandan sonra üzərinə bəzək üçün xırda doğranmış qoz ləpəsindən səpirik. İstədiyiniz formada doğrayıb süfrəyə verə bilərsiz.

Nuş olsun!


...

Elə ki görür, namaz qılmağa gedirəm, qaçır dalımca və düz yanımda dayanır. Etdiyim hərəkətləri və dediyim sözləri təkrar edib, mənimlə birgə namaz qılır. Qurtarandan sonra isə, "Bibi, Allah qəbul eləsin." deməyi də unutmur. Mən isə onu bağrıma basıb doyunca öpməyi..

Artıq əlifbanın 20-ə yaxın hərfini tanıyır. 0-dan 9-a kimi də rəqəmləri. Şeirlər, mahnılar, tapmacalar da öz yerində. Beləcə hər gün yeni şeylər öyrənməklə məşğuluq.

Mənim ağıllı qızımdır, o!


8/03/2012

Buddenbruklar..

Alman yazıçısı Tomas Mannın eyniadlı romanı əsasında çəkilmiş "Buddenbruklar" filmini ikinci dəfə izlədim. İlk dəfə çox bəyənmişdim, ikinci dəfə lap çox bəyəndim. Bir ailənin üç nəsillik həyatı əks olunur filmdə. Ailə dəyərləri, ailə üzvləri arasındakı münasibət, biznes mühitindəki rəqabət və başqa maraqlı nüanslar gözəl əks olunub. Mənim həssaslıqla yanaşdığım ata-qız münasibəti də bu filmdə diqqətimi çəkən məqamlardandır. Bir sözlə, baxmağa dəyər.

Onlayn izləmək üçün şəklin üzərinə basın.