2/28/2011

...

25.02.2011

***
Həyatım boyu güvəndiyim bütün kişilər məni məyus etdilər, istər ailəmdəkilər, istər ətrafımdakı digərləri... və mən kişilərə güvənməməli olduğumu vaxtında öyrəndiyim üçün nə qədər şükr etsəm azdır. 

***
Zeynəb hər gün bir az daha böyüyür. Bu gün 7 ayı tamam oldu. Onda özümü görürəm. Necə ağıllı, hər şeyə maraq göstərən və dəcəl olduğunu görəndə fərəhlənirəm. O tam mənim təsəvvür etdiyim kimidir. Bir də "saç yolmaq" kimi xasiyyəti var. Hər gün saçım əlinə düşən kimi, bir topa saç dartıb çıxardır (yolur) və verir əlimə, üzündə məmnun təbəssümlə. Sanki belə də lazımmış..

***
Bu gün ad günümdən bir ay keçəməsinə baxmayaraq daha bir hədiyyə aldım. Rayonda yaşayan rəfiqəm gəlmişdi və özü ilə mənə hədiyyə gətirmişdi. Artıq hamı bezib mənim bitib tükənməyən ad günü hədiyyələrimdən. Evə əlimdə torpa ilə gələndə, soruşmadan içində ad günü hədiyyəsi olduğunu bilirlər. Mama isə deyir ki, "sənin ad günün lap nağıllardakı kimi 40 gün 40 gecə uzandı." Mənə gəldikdə, bundan sonsuz məmnunam. :)

***
Bu gün səhər tezdən telefonuma gələn naməlum zəng müəmma olaraq qaldı mənimçün. Kimin zəng etdiyini, niyə zəng etdiyini düşündüm bütün günü. İşə gedəndə yağan sakit qar isə qısa müddətə də olsa, mənə hər şeyi unutdurdu, o zəngi də...

Zaman

Günəşi gördüm



2009-cu ildə müğənni kimi tanıdığımız Mahsun Kırmızıgülün rejissorluğu və ssenarisi əsasında çəkilmiş bir dram əsəri. Türkiyənin şərqində bir kənddə həmişə gündəmdə olan kürd, PKK probleminə görə əziyyət çəkən günahsız insanlar. Bir tərəfdə qanlarından, canlarından olan "dağa çıxmış"lar, digər tərəfdə dövlətin rəsmi simaları - hərbçilər. Kənddəki bir neçə ailə hərbçilərin təkidilə kəndi, doğma yerlərini tərk etməli olurlar. Bəziləri xaricə qaçqın kimi qaçmalı, bəziləri İstanbulda şəhər həyatının "cahil" insanlara bəxş etdiyi çətinliklərlə və acılarla üzləşməli olacaqlar. Bir sözlə - əsl dram.

Filmdə diqqətimi çəkən bir yer var ki, onu da qeyd etməliyəm. "Dağa çıxmış" və terror dəstəsi adlandırılan dəstənin üzvlərindən biri kənddəki ailələrdən birinin oğludur. Bir gecə gizlicə evə gələn oğul, valideynlərinin onu evə qaytarmaq cəhdlərinə cavab olaraq, "mən bu dağlara sizə görə, sizi qorumaq üçün çıxmışam!" - deyir. Həmin gecənin səhəri gecə kəndə "terrorçu"ların gəldiyini öyrənən hərbçilər kəndə gəlir, kəndliləri sorğu-suala çəkir. Komandir kəndlilərə müraciət edərək deyir ki, "biz bu dağlara sizə görə, sizi qorumaq üçün çıxmışıq!". Günahsız insanların halını düşünmək çətin deyil belə halda...

Xalid Hüseyni - Min parlaq günəş



Xalid Hüseyni
************
Min parlaq günəş
---------------------
Xalid Hüseyninin yazmış olduğu və dünya şöhrəti qazanmış iki romanından ikincisi olan "Min parlaq günəş"i bir rəfiqəmin tərifləməsindən sonra oxudum. Bundan əvvəl Xalid Hüseyni haqqında heç bir məlumatım yox idi. Oxudum və həyatımda ilk dəfə idi ki, bir romanı oxuduğum müddətdə bir neçə dəfə sözün əsl mənasında silkələndim. Fərqli mühitdə, fərqli ailədə anadan olmuş, böyümüş iki əfqan qadınının həyat yollarının necə kəsişməsindən, onların həyat mübarizəsindən, qadın zorakılığından, cəmiyyətdəki haqsızlıqlardan, yanlış dini dəyərlərin sui-istifadə edilməsindən bəhs edən möhtəşəm bir romandır.

Sonralar Xalid Hüseyninin "Çərpələng ovçusu" romanını da oxumaq qismət oldu. Onun haqqında sonrakı yazılarımda.

R.Taqor, “Ev və Dünya” romanı

R. Taqor

Məni bu dünyada sevənlər hər vasitə ilə əllərində saxlamaq istəyirlər. Amma sənin eşqin elə deyil, - sənin eşqin onların sevgisindən güclüdür, həm də azadlığımı əlimdən almır.
Məni sevənlər, onları unutmayım deyə, məni əsla tərk etmirlər. Amma günlər gəlib keçir, sən hələ də gözə görünmürsən.

Öz dualarımda sənin adını çəkmirəmsə də, səni öz qəlbimdə daşımıramsa da, amma sənin mənə olan məhəbbətin, mənim məhəbbətimi gözləyir.

R.Taqor

2/27/2011

Azadlıq...


Mən-iki nəfərin
iki azad nəfəsindən
doğulmuşam…
Başımda da
bir azadlıq havası var,
azadlığım bəyaz rəngdə
ya uçacam səmalara
ya hopacam torpaqlara
üzərimdə bəyazımla…

2/01/2011

Suriya - Əməvilər məscidi

Suriyanın Dəməşq şəhərində yerləşən qədim və böyük məsciddir.  Əməvilər məscidi hələ e.ə 4 əsrdə Roma imperatoru Feodosi tərəfindən tikilib. Lakin sonradan Əməvilərin Suriyanı işğal etməsiylə bura məscid olub. Buna baxmayaraq oz memarlıq üslubunu qoruyub saxlayıb. Məscidi ziyarət edərkən müsəlman məscidlərinə xas olmayan sütunlar, divar naxışlarına rast gəlmək olar. Məsciddə 4 minarə mövcuddur. Məscidin Minarələrindən biri İsa peyğəmbərin adını daşıyır məhz inanclara görə İsa peyğəmbər həmin Minarədən göydən yerə enəcəkdir. Hz.Məhəmməd peyğəmbərin adını daşıyan minarə isə 1184-cü ildə inşa olunub. Bundan savayı Məsciddə Zəkəriyya peyğəmbərin oğlu Yəhya peyğəmbərin qəbrini də göstərmək olar. Məscidin yaxınlığında səlibçilərə qarşı vuruşmuş misirli Səlahəddin Eyyubinin məqbərəsi var. Beləki o, 1193-ildə Dəməşqə gəlmiş və burada vəfat etmişdir.
Mən 2007-ci ilin dekabr ayında Suriyada qaldığım 2 gün ərzində Əməvilər məscidini də ziyarət edib xeyli şəkil çəkə bildim. Buyurub, baxa bilərsiniz.