5/19/2011

...

19.05.2011

***
Həyatımdakı bütün yarımçıqları tamamlamaq üçün əlimdən gələni etmək qərarına gəlmişəm. Ailəmdən başladım və dünən ilk addımı atdım. Bircə anamın xoşbəxtliyi üçün bu addımı atmağa dəyərdi həm də...

***
Zeynəb isə məni hər gün özünə heyran qoymaqda davam edir. İlahi, o getdikcə mənə oxşayır. Dəcəl, səs-küylü, "özündənrazı" və ayaqqabı geyinməyi sevməyən. Bəli-bəli, ayaqqabı geyinməyi heç sevmir, ayağı da yaşına görə kifayət qədər böyükdür, indidən ona uyğun ayaqqabı tapmaqda çətinlik çəkirəm. Hətta onu "Mauqli" deyə çağırıram son günlər. Elə bil meşədə böyüyüb bu on ayı.))

***
Bir aydan çoxdur ki, Zeynəb üçün sifariş etdiyim aksesuar nəhayət ki dünən gəlib çıxdı. Mən onu çoooox sevdim, əminəm ki, Zeynəb də sevəcək. Murano şüşəsindən hazırlanmış, balaca şirin uşaq ayaqqabılarıdır.


5/16/2011

...

16.05.2011

***
Həyatımda hər şey yarımçıqdır. Ailəm də, işim də, münasibətlərim də, O`na aparan yollar da... Özüm yarımçığam bir sözlə...

5/10/2011

...

10.05.2011

***
Bu gün həyatımda ilk dəfə gördüyüm 11-12 yaşlı qızcığazın əlindən tutub evlərinə qədər apardım... Onunla səhər işə gedəndə, Elmlər Akademiyası metro stansiyasının girişində, polislərdən Gənlik metro stansiyasına necə gedəcəyini soruşduğu zaman rastlaşdım.

Adı Gülnur idi. Özü də adı kimi idi, nurlu, ağıllı və mənalı gözləri olan Gül. Sağollaşanda mənim adımı soruşmağı da unutmadı. Ümid edirəm ki, biz yenə də nə vaxtsa görüşəcik...

5/05/2011

...

Canım abim vurma beni.
Bu dünyadan alma beni.
Dökülür mü kardeş kanı?


Bir karında yatmadık mı?
Bir anada doğmadık mı?
Bir memeden doymadık mı?

Binbir yarayla tek bir kurşunla gitti gül dünya.
Kim farkında kimin umrunda yandı (söndü) bir dünya.

Seni gönderene söyle,
Köydeki büyük meclise
Daha çocuk yaşta üstüme çıkan herife
Eğer böyle ölürsem iki elim yakanızda
Hayaletim gezer düşer peşinize!

Sezen Aksu

Dua..


"Sən bağışlayansan, bağışlamağı sevənsən, məni də bağışla..."

5/04/2011

...

04.05.2011

***
Dünən uşaqlıq şəkillərimə baxırdım. Niyə heç bir şəkildə təbəssümümün olmadığını düşündüm. Niyə uşaqlığım bilinmir o şəkillərdə? Ancaq bir şəkildə şıltaqlığım özünə biruzə verir, onu da "xoşbəxt günlərin tək xatirəsi" deyə adlandırdım. Amma təəssüf ki, o günü də xatırlamıram, çox balaca idim...

***
Yaxın günlərdə təsadüfən dəmir yol xəttinin üzərində gəzməli oldum və bunun necə gözəl hiss olduğunu anladım. Həyəcanvericidir, insanda xoş hisslər yaradır. Uşaqlığını xatırladır insanın. Gərək tez-tez gəzim bundan sonra dəmiryol xətləri üzərində...

***
O.4
 
... Orta məktəbdə qardaşı ilə eyni sinifdə oxuyurdu. (O məktəbə 5 yaşında getmişdi. Qardaşı 6 yaşında məktəbə gedəndə anası qardaşının keçdiyi bütün dərsləri onun da əzbər bildiyini görüb, məktəbə qoymuşdu. İkisi də eyni sinifdə oxudu 11-ci sinifə qədər.)

7-8-ci sinifdə oxuyardı. O vaxt dəbdə olan papaq və şarf dəstləri var idi. Ona da almışdılar. Atası isə özünə ilk avtomobilini - zoğalı rəngdə NİVA almışdı. Özü sürə bilmirdi, xalası oğlu ona öyrədirdi və bir müddət onun sürücüsü oldu. Bir gün həmin avtomobillə məktəbə, onun və qardaşının dalınca gəlmişdilər. O məktəbin qapısından çıxanda sinif yoldaşlarından olan bir oğlan başından papağını götürüb qaçdı. Bu vaxt qardaşı da həmin oğlanın dalınca qaçdı ki, tutub papağı əlindən alsın, həm də dərsini versin. Tutdu, papağı aldı, hələ dalaşdı da. Sonra bacısının yanına qayıtdı, papağını verdi və birlikdə avtomobilə doğru getdilər. Ataları avtomobilin ön oturacağında, sürücünün yanında oturmuşdu və bütün bu olanları görmüşdü. Onlar avtomobilin arxa oturacaqlarına oturdular. Elə yeni oturmuşdular ki, ön oturacaqda oturmuş ataları çevrilib hərəsinin üzünə bir şillə ilişdirdi. Niyə? Hansısa oğlanın qızın papağını başından götürüb qaçdığına görə... Bu onun və qardaşının nahaq yerə yediyi şillələrdən ancaq biri idi...

5/03/2011

Tofiq Bayram - Qadın ürəyi..

Uşaqlıqda, hələ hərfləri tanımadığım vaxtlarda evimizdəki kitab şkafında qurdalanmaqdan xoşum gəlirdi. Ən sevdiyim kitab isə balaca göy üzlü şeir kitabı idi. Sonra hərfləri tanıdım, oxumağa başladım, o kitab hələ də ən sevimlim idi. Müəllifin Tofiq Bayram olduğunu bilirdim daha, şeirləri də oxuyurdum. Bir gün aşağıdakı şeiri oxudum, sonra onu itirməmək üçün səhifənin aşağı küncünü qatladım və sonrakı günlər təkrar-təkrar oxudum. Beləcə mən də böyüdüm..))


Necə rəhmlidir, necə amansız,
Necə mehribandır, qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi!

Güldürsən ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, zərif duyğunun, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.

Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o.
Bahar da olar o, qış da olar o,
Damladır, ümmandır qadın ürəyi.

Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə
Ən şirin dərmandır qadın ürəyi.

Bəzən gül tək solar acı bir sözdən,
Ağlayar xəlvəti, gülsə də üzdən.
Bəzən uşaq kimi ən ürəksizdən
Məhəbbət umandır qadın ürəyi.

Bir namərd əlindən zəhər içəndə,
Çürüdər ömrünü o, yas içində.
Bəzən ən qiymətli libas içində
Nalədir, fəğandır qadın ürəyi.


Ömrə zinət verən, səadət quran,
Sevənin qəlbini nurla dolduran,
Isməti bir nəsli göyə qaldıran,
Eşqə hökmrandır qadın ürəyi.

Sənsiz əl çəkərəm arzudan, kamdan,
Nə çıxar sevgisiz - sənsiz ilhamdan?
İncitsən, dözərəm, Tofiq Bayramdan
İncimə, amandır, Qadın ürəyi!...

Tofiq Bayram,  1969

5/02/2011

Cavidan - Gəl

Əzizim..

...

01.05.2011

*** 
Biz hədiyyəlik qutularıq. Hər birimiz sarıldığımız hədiyyəlik kağızların daha gözəl, bağlanacağımız lentlərin daha fərqli olması üçün var gücümüzlə çalışırıq. İçimizdəki hədiyyəni isə unutmuşuq... Hərdən ünsiyyətdə olduğum insanların içindəki hədiyyələri aşkar edəndə, tanıyanda elə sevinirəm ki! Təbii ki, əksər hallarda bu tanışlıq məyusluqla nəticələnir, heyf ki...

***
Fotokursa başlamışam. Hələ peşəkar fotoaparatım olmasa da, bu foto sənətinə olan sevgimi və marağımı azalda bilmir. Tezliklə özümə yeni fotoaparat almaq kimi niyyətim var, amma əvvəlcə bunun üçün pul tapmaq lazımdır. :) Sonra da bütün işi-gücü atıb, doyunca foto çəkmək. Səyahət etmək, yeni yerlər kəşf etmək, özünü kəşf etmək... Arzuya bax, sevgilim, söylə ürəyincəmi?!

***
Zeynəb getdikcə dəcəlləşir, ərköyünləşir, artıq sərbəst formada addımlar atamağ başlayıb. Bütün günü nəsə danışır öz dilində. "Mama", "papa", "nənə", "baba", hətta dədə deyir, bircə "bibi" demir hələ də.. :(

Onun üçün sevimli rəfiqələrimdən biri (Ana Panda) oyuncaq təyyarə toxuyub hədiyyə etmişdi, mən də yatağının üstündən asmışam. Elə ilk gündən çox sevmişdi təyyarəsini. Hələ ona bu təyyarə ilə uçacağımız şəhərlərin adlarını bir-bir sayanda elə maraqla qulaq asmışdı ki, sanki başa düşür. İndi artıq ayaq üstə dayana, hətta addım ata bilir deyə, yuxudan oyanan kimi, yatağında ayaq üstə qalxır və təyyarəsi ilə oynamağa başlayır.


***
O.3

...O heç vaxt heç yerdə özünü doğma hiss etmədi. İstər indiyə kimi yaşadığı hər üç evdə, istər məktəbdə, istər Universitetdə, istər işlədiyi hər iki iş yerində. Hərdən ona elə gəlir ki, bu şəhər də, bu planet də, ona yaddır. Həyatda heç bir şeyə bağlana bilmədi, hətta ailəsinə belə. Düşünür... Nə olduğunu, kim olduğunu, harada olduğunu düşünür. Nəfəsi kəsilir..