4/06/2011

Pərviz, "Yad dildə" (kiçik hissə)

"...Alnımı ovuşdura-ovuşdura siqaret tüstülədir, susuzluqdan quruyub qaxac olmuş İçərişəhəri süzürdüm; burda evlər elə salınıb ki, bir-birinin ayıbını yaxşıca örtürlər, bir ev o birinin üzünə örtükdü, amma bu evlər, həm də bir-birinin ayıbını ovcunun içi kimi görür; birinin gözü o birinin üstündədi, biri o birinə göz qoyur, o birini nəzarətdə saxlayır, sanki İçərişəhər xəfiyyələr adasıdı; ayıbsız kimsə olmadığından xəfiyyələr razılığa gəliblərmiş kimi, israrla susur. İndi bu tip evləri bir-bir buldozerin qabağına verib yerində balaca qalalar tikirlər; daha heç kim evinə qonşunun həyətinə açılan, qonşunun pəncərəsinə baxan pəncərə qoya bilməz, hətta bir mənzildə yaşayanlar belə, bir-birinin ayıbından xəbər tuta bilməz; görünür bu, ayıbların çoxaldığlındandı - olsun ki, İçərişəhəri salanlar haçansa evləri o qurluşda tikəndə ya ayıbsız olduqlarını bilirlərmiş, ya da həyətinə daim yad gözlər baxacaq deyə, "kimsə ayıb iş görməz" düşünübmüşlər; İçərişəhər haçansa iç-içə mənzil kimi olub; adamlar da iç-içə yaşayıblar; bir evin qonağı bir şəhərin qonağı olub, bir evin düşməni bir şəhərin - bir evin ayıbı da bütün İçərişəhərin ayıbı deməkmiş. İndi hamı ayıb içindədi, kimsə kimsənin ayıbını görmədiyindən hamı ayıb axtarır, onunçün də təzə tikilən evləri elə tikirlər ki, nə kimsənin ayıbını görsünlər, nə kimsə ayıblarını görsün; adamlar bir yandan özgürləşir, istədiyi həyat tərzini seçir, bir yandan da özgürlüyünü kiminsə görməsindən təlaşlanır, utanır; adamlar özlərinin xəbəri olmadan öz azadlıqlarına ayıb bir şey kimi baxıb, çəkinirlər. Bu azadlıq kasıb əyninin görmədiyi təzə paltar kimi canlarını sıxır... Can atdıqları azadlıqda əxlaqsız bir şey olmadığını düşünə-düşünə, onu qonşudan nəyə görə gizlədiyi kimsənin ağlına gəlmir. Evinə arxadan, qonşunun qapısına açılan pəncərə qoyan adam qonşunun namusuna sataşmış sayılır. Bunun üstündə qonşu qonşunun qanını belə içər."

Pərviz, "Yad dildə" 

No comments:

Post a Comment