5/02/2011

...

01.05.2011

*** 
Biz hədiyyəlik qutularıq. Hər birimiz sarıldığımız hədiyyəlik kağızların daha gözəl, bağlanacağımız lentlərin daha fərqli olması üçün var gücümüzlə çalışırıq. İçimizdəki hədiyyəni isə unutmuşuq... Hərdən ünsiyyətdə olduğum insanların içindəki hədiyyələri aşkar edəndə, tanıyanda elə sevinirəm ki! Təbii ki, əksər hallarda bu tanışlıq məyusluqla nəticələnir, heyf ki...

***
Fotokursa başlamışam. Hələ peşəkar fotoaparatım olmasa da, bu foto sənətinə olan sevgimi və marağımı azalda bilmir. Tezliklə özümə yeni fotoaparat almaq kimi niyyətim var, amma əvvəlcə bunun üçün pul tapmaq lazımdır. :) Sonra da bütün işi-gücü atıb, doyunca foto çəkmək. Səyahət etmək, yeni yerlər kəşf etmək, özünü kəşf etmək... Arzuya bax, sevgilim, söylə ürəyincəmi?!

***
Zeynəb getdikcə dəcəlləşir, ərköyünləşir, artıq sərbəst formada addımlar atamağ başlayıb. Bütün günü nəsə danışır öz dilində. "Mama", "papa", "nənə", "baba", hətta dədə deyir, bircə "bibi" demir hələ də.. :(

Onun üçün sevimli rəfiqələrimdən biri (Ana Panda) oyuncaq təyyarə toxuyub hədiyyə etmişdi, mən də yatağının üstündən asmışam. Elə ilk gündən çox sevmişdi təyyarəsini. Hələ ona bu təyyarə ilə uçacağımız şəhərlərin adlarını bir-bir sayanda elə maraqla qulaq asmışdı ki, sanki başa düşür. İndi artıq ayaq üstə dayana, hətta addım ata bilir deyə, yuxudan oyanan kimi, yatağında ayaq üstə qalxır və təyyarəsi ilə oynamağa başlayır.


***
O.3

...O heç vaxt heç yerdə özünü doğma hiss etmədi. İstər indiyə kimi yaşadığı hər üç evdə, istər məktəbdə, istər Universitetdə, istər işlədiyi hər iki iş yerində. Hərdən ona elə gəlir ki, bu şəhər də, bu planet də, ona yaddır. Həyatda heç bir şeyə bağlana bilmədi, hətta ailəsinə belə. Düşünür... Nə olduğunu, kim olduğunu, harada olduğunu düşünür. Nəfəsi kəsilir..