5/04/2011

...

04.05.2011

***
Dünən uşaqlıq şəkillərimə baxırdım. Niyə heç bir şəkildə təbəssümümün olmadığını düşündüm. Niyə uşaqlığım bilinmir o şəkillərdə? Ancaq bir şəkildə şıltaqlığım özünə biruzə verir, onu da "xoşbəxt günlərin tək xatirəsi" deyə adlandırdım. Amma təəssüf ki, o günü də xatırlamıram, çox balaca idim...

***
Yaxın günlərdə təsadüfən dəmir yol xəttinin üzərində gəzməli oldum və bunun necə gözəl hiss olduğunu anladım. Həyəcanvericidir, insanda xoş hisslər yaradır. Uşaqlığını xatırladır insanın. Gərək tez-tez gəzim bundan sonra dəmiryol xətləri üzərində...

***
O.4
 
... Orta məktəbdə qardaşı ilə eyni sinifdə oxuyurdu. (O məktəbə 5 yaşında getmişdi. Qardaşı 6 yaşında məktəbə gedəndə anası qardaşının keçdiyi bütün dərsləri onun da əzbər bildiyini görüb, məktəbə qoymuşdu. İkisi də eyni sinifdə oxudu 11-ci sinifə qədər.)

7-8-ci sinifdə oxuyardı. O vaxt dəbdə olan papaq və şarf dəstləri var idi. Ona da almışdılar. Atası isə özünə ilk avtomobilini - zoğalı rəngdə NİVA almışdı. Özü sürə bilmirdi, xalası oğlu ona öyrədirdi və bir müddət onun sürücüsü oldu. Bir gün həmin avtomobillə məktəbə, onun və qardaşının dalınca gəlmişdilər. O məktəbin qapısından çıxanda sinif yoldaşlarından olan bir oğlan başından papağını götürüb qaçdı. Bu vaxt qardaşı da həmin oğlanın dalınca qaçdı ki, tutub papağı əlindən alsın, həm də dərsini versin. Tutdu, papağı aldı, hələ dalaşdı da. Sonra bacısının yanına qayıtdı, papağını verdi və birlikdə avtomobilə doğru getdilər. Ataları avtomobilin ön oturacağında, sürücünün yanında oturmuşdu və bütün bu olanları görmüşdü. Onlar avtomobilin arxa oturacaqlarına oturdular. Elə yeni oturmuşdular ki, ön oturacaqda oturmuş ataları çevrilib hərəsinin üzünə bir şillə ilişdirdi. Niyə? Hansısa oğlanın qızın papağını başından götürüb qaçdığına görə... Bu onun və qardaşının nahaq yerə yediyi şillələrdən ancaq biri idi...