5/03/2011

Tofiq Bayram - Qadın ürəyi..

Uşaqlıqda, hələ hərfləri tanımadığım vaxtlarda evimizdəki kitab şkafında qurdalanmaqdan xoşum gəlirdi. Ən sevdiyim kitab isə balaca göy üzlü şeir kitabı idi. Sonra hərfləri tanıdım, oxumağa başladım, o kitab hələ də ən sevimlim idi. Müəllifin Tofiq Bayram olduğunu bilirdim daha, şeirləri də oxuyurdum. Bir gün aşağıdakı şeiri oxudum, sonra onu itirməmək üçün səhifənin aşağı küncünü qatladım və sonrakı günlər təkrar-təkrar oxudum. Beləcə mən də böyüdüm..))


Necə rəhmlidir, necə amansız,
Necə mehribandır, qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi!

Güldürsən ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, zərif duyğunun, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.

Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o.
Bahar da olar o, qış da olar o,
Damladır, ümmandır qadın ürəyi.

Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə
Ən şirin dərmandır qadın ürəyi.

Bəzən gül tək solar acı bir sözdən,
Ağlayar xəlvəti, gülsə də üzdən.
Bəzən uşaq kimi ən ürəksizdən
Məhəbbət umandır qadın ürəyi.

Bir namərd əlindən zəhər içəndə,
Çürüdər ömrünü o, yas içində.
Bəzən ən qiymətli libas içində
Nalədir, fəğandır qadın ürəyi.


Ömrə zinət verən, səadət quran,
Sevənin qəlbini nurla dolduran,
Isməti bir nəsli göyə qaldıran,
Eşqə hökmrandır qadın ürəyi.

Sənsiz əl çəkərəm arzudan, kamdan,
Nə çıxar sevgisiz - sənsiz ilhamdan?
İncitsən, dözərəm, Tofiq Bayramdan
İncimə, amandır, Qadın ürəyi!...

Tofiq Bayram,  1969

2 comments:

  1. gozel seirdi admine de tesekkurler seiri bura yerlsdirdiyi ucun. yaxsi olar novbeti saylarınızda Tofiq Bayramin Valakardin, Vagzali calinir seirlerini de saytınızda yerleşdiresiz. hormetle Tural

    ReplyDelete
  2. Bloqa xoş gəlmisiniz.

    İnşallah dediyiniz şeirləri də yerləşdirərəm bir gün.

    ReplyDelete