3/07/2011

8 Mart

2 il əvvəl yazmışdım bunu. Mənimçün hələ də aktualdır...

***

Əslində bu tarixdə nələrin baş verdiyi və bu tarixin niyə təqvimə qırmızı rəngdə qeyd olunduğu məni indi o qədər də maraqlandırmır. Mənim üçün problem obyekti bizim qadınlarımızdır. Daha doğrusu qadınlarımıza qarşı münasibət və qadınlarımızın buna reaksiyasıdır.

Beynəlxalq Qadınlar günü. Həqiqətənmi bu gün beynəlxalqdır? Bütün dünyamı bunu qeyd edir? Yoxsa ancaq Sovet qalığı sayılan dövlətlərdədir bu günün belə təmtəraqlı qeyd olunuşu?

Keçən ilə qədər mən də müəyyən mənada qeyd edirdim bu günü. Ən azından ailəmizdəki qadınlara hədiyyələr alır və təbrik sözləri deyirdim. Bu il isə bunun heç birini etmədim. İndi bu bayrama qarşı ikrah hissi duyuram. Niyə, deyə maraqlanırsınızsa, ardını oxuyun.

Düşünək. Bir qadına məhz onun qadın olduğu üçün hədiyyə alıb vermək, təbrik etmək nə qədər məntiqlidir? Bütün il boyu qadınından diqqət, anlayış, xoş sözlər, hətta adi təbəssümü belə əsirgəyən kişi, ilin məhz bu günü “qonşudan qalma geri” prinsipi ilə qadınına hədiyyə alır və onu təbrik edir. Səbəb? Onun qadın olduğunu xatırlayıb. Necə də gülüncdür, deyilmi?

Niyə qadınlar hər zaman haqları olan qayğı və diqqəti, anlayış və təbəssümü ancaq ilin bir günündə əldə edə bilirlər? Niyə qadınlarımız dilənçi sayağı 8 Mart`da hər kəsdən hədiyyə gözləyirlər? Bu ki, iyrəncdir.

Problemin ən acınacaqlı tərəfi də budur ki, qadınlarımız bunu qəbul edir və bu günü sevirlər. Səbirsizliklə, 8 Mart`ın gəlməsini və sədəqə yağışına tutulmağı gözləyirlər. Bununla kifayətlənməyib öz həmcinslərini də təbrik edirlər. Axı bütün bir cinsin bayramının olması belə məntiqsizdir. O zaman Beynəlxalq kişilər günü niyə yoxdur? Onların ki sayı qadınlardan daha azdır...

Mən anlayıram ki, bu gün bütün günü dörd divar arasında oturub, övladlarının tərbiyəsi ilə məşğul olan, ərinin göstərişlərini yerinə yetirən qadın üçün kiçik ümid, sevinc mənbəyidir, amma bu ümid də, sevinc də sabundan əmələ gəlmiş kürəciklər kimi yox olub gedir tez bir zamanda...

Qısacası 8 Mart`ı da bayağılaşdırmışıq. Bu gün “Analar günü”, “Kosmonavt qadınlar günü”, “Hərbçi qadınlar günü” və ya istənilən peşə sahibi qadınlar günü kimi qeyd olunsa idi daha məntiqli olardı, zənnimcə. Uzaq başı qadınların hüquq bərabərliyi günü kimi qeyd olunsaydı və qadınlar ildə bircə dəfə də olsa öz hüquqları barədə düşünsəydilər, daha faydalı olardı... Ən azından insanları təkcə sahib olduqları cinsiyyətə görə deyil, qazandıqları nailiyyətə görə təbrik etmək kimi bir səbəbimiz olardı...

No comments:

Post a Comment