3/14/2011

...

14.03.2011

***

İş otağımın pəncərəsinin açıldığı tərəfdə dəmiryolu xətləri var. Hərdən həmin xətlərlə asta sürətlə qatar gəlib keçir, elə ki, qaçıb qatara çatmaq, minmək belə olar . Hər dəfə qatar keçəndə qaçıb ona çatmaq, minmək və qeyri-müəyyənliyə doğru getmək istəyirəm...

***

İnsanların (xüsusilə qadınların) getdikləri hər yerə öz məişət problemlərini, məişət söhbətlərini daşımalarından xoşum gəlmir. Ən çox da məscidə gedəndə, oturub məişət söhbətləri edənləri başa düşmürəm. Məscid ibadət üçündür, söhbət üçün yox... 

***
O.1

O uşaqlıqdan heç kimə bənzəmək istəmirdi. Özünü heç kimlə müqayisə də etmirdi. 

Vaxt gəldi, həddi-buluğa çatdı, bütün qızlar kimi onun da ayda bir dəfə bez dəyişdirməli olduğu günlər olmalı idi. Amma olmurdu ki, olmurdu. Yaş gəlib çatdı 15-ə. Anası narahat olmağa başladı. Birbaşa həkimə yollandılar. Analizlər, testlər, USM ziyarətləri, sidik kisəsinin dolması üçün içilən litrlərlə su, pilləkənlər boyu çıxıb-düşmələr, dərman qoxuları... Hər həkim ziyarətində yeni ümid, irəliləyiş görmək arzusu... Amma heç nə dəyişmirdi. Nə dərmanların, nə iynələrin heç bir xeyri yox idi. Yaş gəlib çatdı 17-ə. Onun üçün bu halın  heç bir qorxulu tərəfi yox idi. Halından məmnun idi. Bu məsələdə olsa belə digərlərindən fərqli olması bəlkə də xoşuna da gəlirdi. Bir gün anası yeni həkim tapdı. Yəhudi əsilli yaşlı bir kişi idi. Özəl klinikalardan birində işləyirdi. Müayinə zamanı onunla səmimi söhbətindən sonra çox sevmişdi bu həkimi. Hər müayinədə olduğu kimi bu dəfə də sidik kisəsi dolu olduğundan, müayinədən dərhal sonra tualetə qaçdı. Otağa qayıdanda, içəri keçmədi, qapıdan həkimin anası ilə olan söhbətini dinlədi. Hər şeyi aydın eşitməsə də, həkimin "heç vaxt ana olmayacaq" cümləsini aydın eşitdi. Anasının bu sözlər qarşısında nə halda olduğunu təxmin etmək çətin deyildi. Amma onun üçün bu sözlər də qorxulu və təşvişə düşüləsi kimi görünmürdü. Sonralar bu soyuqqanlılığı onu hələ çox təəccübləndirəcəkdi. Həkimin otağından çıxan anasının ağarmış bənizi, dolmuş gözləri belə onu narahat etmirdi. Nə də olmasa, dünyanın sonu gəlməmişdi ki... Amma anası göz yaşlarını saxlaya bilmədi. Ona isə bu göz yaşları lazımsız görünürdü. Anasını sakitləşdirməyə çalışırdı...