3/01/2011

R.Taqor - Axı ömür bir an qədər qısadır

Sən məni tərk edib, öz yolunla getdin.
Güman edirdim ki, sənə yas saxlayacağam, sənin nəğmələr qızılından hörülmüş, çərçivəyə salınmış yeganə surətini qəlbimdə saxlayacağam.
Amma, əfsus, ey mənim uğursuz taleyim, axı, həyat bir an qədər qısadır.
İllər ötdükcə: gənclik gəlib gedir, bahar günləri ötəri, çiçəklərin ömrü qısadır, ağıl bizə söyləyir ki, ömür lotos üzərinə qonan şeh kimidir.
Mən bütün bunlardan necə əl çəkim və məndən üz döndərib gedən o qızın ardınca baxım!
Bu, kobudluq və düşüncəsizlik olardı, - axı ömür bir an qədər qısadır.
Elə isə, ey mənim yağmurlu gecələrim, gurultulu addımlarla keçib gedin. Ey mənim qızılı payızım, gül, əylən. Ey bol busələr bəxş edən qayğısız aprel, gəl yetiş.
Siz də gəlin keçin, siz də.
Ey sevgililər, bilirsiniz ki, - biz öləcəyik.
Artıq öz payını almış bir adamın xatirinə öz qəlbinizi parçalamaq ağıllı işdirmi? Axı ömür bir an qədər qısadır.
Bir guşədə oturub xəyala getmək, mənim bütün varlığımın sənə aid olduğu barəsində şeirlər qoşmaq çox xoşdur.
Öz qəm-qüssə aləminə qərq olub, heç bir təsəlli ummamaq qəhrəmanlıqdır.
Ancaq budur, gənc bir çöhrə qapımdan boylandı və gözləri gözlərimin içinə baxdı.
Mənə yalnız bu qalır ki, göz yaşlarımı silim, nəğmələrimi yenidən kökləyim.
Axı ömür bir an qədər qısadır.

No comments:

Post a Comment