3/01/2011

İrvinq Stoun - Yaşamaq yanğısı



İrvinq Stoun
**************
Yaşamaq yanğısı
***
Bukinistdən sarı üzlüyünə aşiq olub da almışdım bu kitabı. Oxumağa başlayıb, yeni evə köçdüyümüz zaman elə başlanğıcında yarımçıq qoymuşdum. Bu yaxınlarda yenidən əlimə aldım və bitirənə kimi əlimdən yerə qoya bilmədim.

Povest məşhur rəssam Vinsent Van Qoq haqqındadır. Kitabı oxuyana qədər çox az tanıdığım rəssam idi. İndi isə həyat hekayəsi ilə həyatımda silinməz iz qoyanlardan biri oldu. Povest sayəsində Vinsentin “London Borinaj Etten Haaqa Nyunen Paris Arl Sen-Remi Over” marşrutu ilə etdiyi həyat səyahətində iştirak etdim, onun kədərini sevincini, həyəcanlarını bölüşdüm və bu mənə böyük məmnunluq hissi bəxş etdi. Bundan sonra onu daha yaxından tanımaq, əsərlərinə tamaşa etmək, onu duymaq, başa düşmək istəyirəm.

Povest ibrət götürüləsi, təsirlənəsi səhnələrlə boldur. Teo`nun qardaşına olan sonsuz sevgisi və dəstəyi, dostluq anlayışının, dostun insana verə biləcəyi o möhtəşəm hisslər və həyəcan, insanın daima onunla eyni düşünən, eyni əqidəyə sahib insanlarla birgə olmaq, ətrafdakılar tərəfindən anlayışla qarşılanmaq istəyi Vinsentin 37 illik həyat hekayəsində öz əksini ən yaxşı şəkildə tapıb.

Onu bədbəxt hesab edənlərin isə yanıldığını düşünürəm. Məncə o özünü istənilən halda xoşbəxt hiss edirdi. Sevdiyi işlə məşğul olması və ölməzdən qabaq deyə biləcəyi hər şeyi dediyinə inanması da buna sübutdur məncə...

Müəllif isə əsəri haqqında yazır:
“Oxucu ola bilsin ki, bu povestin həqiqətə nə qədər uyğun olub-olmadığını öyrənmək istədi. Deməliyəm ki, bütün dialoqları uydurmalı olmuşam; kitabda tamam uydurma da var, məsələn, Mayya ilə olan səhnə, - bunu oxucu özü də, heç bir çətinlik çəkmədən müəyyən edə bilər: bir-iki yerdə mən həqiqiliyinə əmin olduğum, baxmayaraq ki, bunu sənədlərlə sübut edə bilmirəm, kiçik epizodlar təsvir etmişəm, - məsələn, Parisdə Van Qoqun Sezannla qısa görüşü. Bəzi yerlərdə mən qəsdən sadələşdirməyə əl atmışam – beləliklə, Vinsentin Avropanı dolanmasını təsvir edərkən hər yerdə təkcə bircə pul vahidi götürmüşəm – frank; bundan əlavə, mən Van Qoqun həyatının bəzi az əhəmiyyətli hadisələrinin üstündən keçmişəm. Bu belletristik sərbəstlikləri nəzərə almasaq, qalan şeylərdə kitab tamamilə faktlara uyğun gəlir.”

Həmçinin hiss etdim ki, Vinsentlə oxşar cəhətlərimiz var və mən onu rahatlıqla başa düşə bilirəm. Bir də ki, axı mən də sarı rəngin vurğunuyam...

Əminəm ki, bundan sonra Van Qoq haqqında sizinlə hələ çox bölüşəcəm.

2 comments:

  1. Van Qoq haqda bir filmə baxmışdım. Acınacaqlı taleyi olub çox. Filmin sonunda dözməyib intihar etməsi, umumiyyətlə onun incidilməsi qəhərləndirmişdi məni. Təsirli film idi. Yəqin ki baxmısan.

    Elə bilirdim kitabın ruscadır. Məmnuniyyətlə oxumaq istərdim.

    ReplyDelete
  2. Heyf, o filmə baxmamaışam hələ də. Yaxşı yadıma saldın. Amma əsər də ən az film qədər adamı təsirləndirir.

    Verərəm, oxuyarsan.

    ReplyDelete